Əhaliyə daha bir müjdə – KƏNDLİLƏRƏ PAY TORPAQLARI AYRILDI
25.05.2017 - 09:12 / | Xəbər 77 dəfə oxunub
Əmlak Məsələləri Dövlət Komitəsi kadastr uçotunun nəticələrinə istinad edilməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə yerli sakinlərə pay torpaqlarının verilməsinə başlayıb. Emlakjurnali.az, Fins.az-a istinadən, xəbər verir ki,  Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbəsinin və Vələmir kəndinin torpaq payı almaq hüququ olan əhalisinə 531,24 hektar pay torpaq sahələri ayrılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən pay torpaqlarının verilməsindən öncə Xaçmaz Rayon İcra hakimiyyəti ilə birlikdə bir sıra istiqamətdə işlər aparıb. Belə ki, Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı müəyyənləşdirmiş, dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ayrılmışdır. Bundan başqa, torpaq islahatının başa çatdırılması məqsədilə təsərrüfatın yer quruluşu layihəsi və pay torpaqlarının bölgü layihəsi tərtib edilib. İslahat nəticəsində ərazidə mövcud olan 604 ailədən ibarət 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi naturada ayrılmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsi sosial addım olaraq ayrılan pay torpaqlarına çıxarışların verilməsi istiqamətində işlərini genişləndirir. Belə ki, mayın 24-də Komitə tərəfindən ilk dəfə olaraq Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. İlkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitəsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər.  
Bu səpgidən olan işlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində də həyata keçirilmiş, uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılmışdır. Pay torpaqları əldə edə bilməyən şəxslərə pay torpaqlarının verilməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinin təmin edilməsidir. Bundan başqa pay torpaqlara çıxarışların təqdim edilməsi həm kəndlinin fəaliyyətini stimullaşdırır, həm də aqrar sahədə məşğulluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Həmçinin bu sənəd kəndlidə əmlakının artıq dövlət tərəfindən qeydiyyata alındığı ilə bağlı əminlik yaradır.
Komitədən bildirilib ki, bu istiqamətdə aparılan işlər Torpaqların Elektron Kadastr Uçot Sisteminin məlumatları əsasında həyata keçirilir. Sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınır, torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunur.
 
Emlakjurnali.az