Daha 25 şirkət satışa çıxarıldı – QİYMƏT 1300 MANATDAN BAŞLAYIR
22.05.2017 - 09:10 / | Xəbər 171 dəfə oxunub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 20-də növbəti hərrac barədə elan verib. Emlakjurnali.az, Fins.az-a istinadən, xəbər verir ki, bu dəfə 25 şirkətin səhmlərinin 30-45%-lik hissəsi satışa çıxarılacaq. 

Siyahıda yer alan şirkətlərdən ən bahasının ilkin satış qiyməti  168 225 manat müəyyən edilib. "Salyan broyler" ASC bu qiymətə satılır.   "Qax Taxıl" ASC-nin ilkin satış qiyməti isə 150 620 manat, "Boradigah Çay-2" ASC-nin isə 105 min manat müəyyən edilib.  
Satışa çıxarılan şirkətlərdən ən ucuzunun qiyməti isə 1 357 manatdır. "Yevlax tikinti servis" ASC-nin səhmlərinin 30%-i bu qiymətə hərraca çıxarılıb. Siyahıda 3 000 manata, 4 600 manata, 7 177 manata satılan şirkətlər də yer alıb. 

Pul hərracında iştirak etmək istəyən şəxslər şirkətlərin ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2017-ci ilin iyun ayının 20-də saat 09:30-da ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.
Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

Hərraca çıxarılan şirkətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiz.