Qapı mənzilin əsas interyer elementlərindən biridir - FOTO
07.03.2014 - 11:22 / | Xəbər 3306 dəfə oxunub

Xarici görünüş və qapının keyfiyyəti

Mənzilin ümumi interyerində qapılar xüsusi önəm daşıyır. Kiminsə üçün qapının gözəlliyi əsas sayılırsa, digəri nadir açac materialdan hazırlanması önəm daşıyır. Təbii ki, müxtəlif fərqlər zamanı qiymət fərqi də özünü göstərməlidir. Bir qayda olaraq, qapı nə qədər baha olursa, kefiyyəti də bir o qədər yüksək olur. Dəyəri 150-400 manat arasında olan qapılar xarici görünüş etibarı ilə bir o qədər də bir-birindən fərqlənməsə də, keyifiyyətində müəyyən fərqlər olur. Daha bahalı qapılar isə əsasən bərk ağac materialından hazırlanmaqla müxtəlif konstruksiyalı əl işlərinin həcmi və yüksək keyfiyyəti ilə fərqlənirlər.

Qapıların istismar xüsusiyyətləri

Azərbaycanda evtikmə ənənələrinə görə, qapıların standart ölçüsü adətən 200x90 sm olur. Digər ölçülü qapılar isə konstruksiyaya uyğun olaraq sifarişlə hazırlanır. Qeyd edək ki, xarici ölkələrdə istehsal olunmuş qapıların ölçüləri də hər bir ölkənin standartlarına uyğun olaraq müxtəlif olur. Ona görə də, xarici ölkələrdə istehsal olan qapıları alarkən bu məqama diqqət etmək lazımdır.
Mənzil qapısı alarkən hər ehtimala qarşı məhsulu aldığınız mağazadan həmin qapının rənglənməsində istifadə edilən lak və ya boya götürün ki, sonradan hər hansı bir cızıq və sair zədələnmələr zamanı həmin hissələri bərpa edə biləsiniz. Qapı alarkən qapının üstünə çəkilmiş şponun qalın olmasına diqqət yetirin. Bu adətən 1-2 mm qalınlığında olur.

Hərəkətli (siyirməli) qapılar

Dəbə uyğun olaraq mənzilə hərəkətli qapılar da qoydurmaq olar. Belə qapılar ancaq otaqlar arasında istifadə oluna bilər. Belə qapıların çəkisi nə qədər az olarsa, onları açıb-bağlamaq bir o qədər asandır. Belə qapılar adətən qalınlığı 30 mm, eni 400 mm olan taxta parçalarından hazırlanır. Üz hissəsi adətən fanerlə üzlənir. Alt və üst çərçivələri isə enli olmalıdır ki, onların üzərində hərəkət edən diyircək quraşdırılsın. Belə qapılar da şüşəli və ya şüşəsiz olur. Bu zövqünüzdən asılı olaraq dəyişə bilər. Şüşələr də müxtəlif çeşiddə, yəni şəffaf, tutqun və rəngli ola bilər.
Qapı yerinə salındıqdan sonra yaşmaq vurulmalıdır. Yaşmaqlar şam, cökə və küknar ağacından hazırlanır. Əgər yaşmaq üzərində bəzək işləri aparmaq istəyirsinizsə onda cökə ağacından istifadə etməniz məsləhət görülür. Taxtanın qalınlığı 20-30 mm olmalıdır. Daxili yaşmaqların eni 75-150 mm olmalıdır. Yaşmaqların künclərdəki kəsişmə yerlərini 45 dərəcə bucaq altında kəsirlər.

Qapının quraşdırılması

Muəyyən qədər ustalıq qabiliyyəti olan hər bir kəs özü qapının quraşdırılmasını həyata keçirə bilər. Qapı yerinə salınmazdan əvvəl çərçivəsinin quraşdırılması lazımdır ki, əsas məsələ də elə bundan ibarətdir. Kərpic və daş evlər üçün belə çərçivələrin eni 100 mm, qalınlığı 50-60 mm olan taxta parçalarından hazırlanır. Qapının çərçivəsi salınarkən diqqət etmək lazımdır ki, onun yuxarı və aşağı hissələri bərabər üfüqi vəziyyətdə, yan çərçivələri isə bərabər horizontal vəziyyətdə olsun. Bundan sonra çərçivəni bərkitmək olar.
Çərçivələr divara qalın və uzun mismar və ya xüsusi yiv vasitəsilə bərkidilir. Əgər evin divarı kərpic və ya betondandırsa, onda qabaqcadan mismarın vurulacağı yerdə burğu vasitəsilə deşik açılmalı, sonra bərkitmə işləri aparılmalıdır. Bundan başqa otaqlararası qapılar xarici qapılardan çəkisinin yüngüllüyü ilə fərqlənməlidir.
Divar və çərçivə arasındakı boşluğu suvaq və taxta yaşmaqlar vasitəsilə örtürlər. Çərçivə salındıqdan sonra qapının salınmasına başlamaq olar. Əvvəlcə qapını cəftədən asaraq ölçüsünü yoxlayırlar, sonra cəftədən çıxardaraq artıq hissəni (əgər varsa) kəsib götürürlər. Ölçüsü düz gəldikdən sonra qapını birdəfəlik bərkidirlər. Cəftələr dəmir yivlər vasitəsilə bərkidilir. Cəftənin ölçüsü qapının ölçüsündən və çəkisindən asılıdır.
Qapılar bir taylı və ya iki taylı, həmçinin şüşəli və ya şüşəsiz ola bilər. Qapının üzünə çəkilən qalın şponların nazik şponlardan bir üstünlüyü də ondadır ki, belə qapılar əyilməyə birincilərə nisbətən az meyllidir. Şponları qapıya xüsusi yapışqan vasitəsilə vururlar.
Qapıları adətən çərçivədən ona görə böyük ölçüdə hazırlayırlar ki, artıq olan hissəni kəsib götürmək mümkün olur, ancaq əskik hissəsini bərpa etmək çətindir.
Qapının çərçivəsi, özü, yaşmağı vurulduqdan sonra kilid haqda düşünməyə dəyər. Qapının kilid yeri döşəmədən 80-110 sm hündürlükdə olmalıdır. Bu, adətən qapı hazırlanan zaman edilir.

Giriş qapıları (dəmir qapılar)

Mənzilin giriş qapıları isə adətən dəmirdən olur. Qapının qalınlığından, dizaynından asılı olaraq onların qiymətləri arasında xeyli fərqlər olur- 350 manatdan 1500 manatdək.
Bayır qapıları qoyularkən onun soyuqdan, tozdan qoruma qabiliyyətinin yüksək olmasına fikir vermək gərəkdir. Bunun üçün penaplast deyilən xüsusi bir material almaq lazımdır. Bu material qapının daxili və xarici qatlarının arasına yerləşdirilir. Bundan başqa, paralon deyilən soyuqdan qoruma materialından həmin qayda ilə istifadə olunur. Paralonun üzərinə bu zaman dermantin dəri çəkmək də mümkündür. Davamlı olsun deyə qalınlığın 3-4 mm olması vacib şərtdir. Dermantin hissələri kəsişən nöqtələrdə bərkitmək lazımdır. Bunun üçün bərkidici vasitələr satılır.
Bayır qapının çölə açılmasına diqqət etmək lazımdır. Bundan başqa qapının materialı taxtadan yox, dəmir təbəqədən olmalıdır. Həmçinin bayır qapının iki tərəfli olması onun etibarlılığını artırır. Bu məqamda qapının xarici tərəfinin dəmir təbəqə olması vacibdir. Daxili təbəqənin isə başqa materialdan olmasının heç bir ziyanı yoxdur. Bayır qapının etibarlı olması üçün bir neçə növ kiliddən istifadə oluna bilər.
Qapıya gözlüklərin qoyulması da vacib məqamlardandır. Bu gün 200 dərəcə panoramı əhatə edən gözlüklərdən daha çox istifadə olunur.
Son zamanlar isə səskeçirməyən qapılardan da çox istifadə edilməyə başlanılıb.

Nihat