İş yerində “kütləvi çıxarış” verildi – PULSUZ KAMPANİYA
22.02.2017 - 13:44 / | Xəbər 227 dəfə oxunub

Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə, onların işçiləri üçün keçirəcək.

Komitədən emlakjurnali.az-a verilən xəbərə görə, növbəti belə çıxarış kampaniyası bu gün fevralın 22-də Xaçmaz rayonunda yerləşən Qafqaz Konserv Zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib. Müəssisədə çalışan vətəndaşlara birbaşa iş yerlərində evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib.

Kampaniyanın gedişatı zamanı 50-yə yaxın  zavod işçisinə həyət evləri, torpaq sahələri, mənzillər, pay torpaqları və həyətyanı sahələrə aid çıxarışlar verilib.  40-a yaxın vətəndaşdan isə növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib.

Kampaniya çərçivəsində komitənin hüquqşünasları 30-a yaxın zavod işçisinə evlər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər.   

Qeyd edək ki, kampaniya sosial layihə olduğu üçün ödənişsiz həyata keçirilir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Vətəndaş xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənmək üçün komitənin rəsmi saytında (emdk.gov.az) yeni yaradılan “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatorundan istifadə edə bilər.

Bu sosial yönümlü yeniliklərin əsas məqsədi əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırmaq, şəffaflığın və çevikliyin artırılması vasitəsilə vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərmək və insan amilinin gücləndirilməsidir.