Landşaft dizaynı və ya təbiət gözəlliyi - FOTO
27.03.2014 - 14:47 / | Xəbər 4369 dəfə oxunub

XX əsrə aid olan “landşaft dizaynı” anlayışı Qərbi Avropada, ilk əvvəl Böyük Britaniya, Almaniya kimi kütləvi məskunlaşma və sənayeləşmə şəhərlərində yaranıb. Tükənməkdə olan bağ və parkları xilas etmək, eyni zamanda yaşıllıqların sayını artırmaq lazım gəlirdi. Bu zərurətdən irəli gələrək tətbiq edilən yaşıllıqlar xüsusi sənət kimi qəbul edildi, landşaft dizaynı ayrıca peşə sahəsinə çevrildi. Əsas məqsəd ətraf mühitdə harmoniyanın və gözəlliyin yaradılması idi.

Bugünkü anlamda landşaft dizaynı dedikdə istənilən məkanı – bağlar və parkların, mehmanxanaların, biznes mərkəzlərinin və fərdi evlərin ərazisinin yaşıllıq və dekorativ bitkilərlə qeyri-adi şəkildə bəzədilmiş, göz oxşayan əraziyə çevrilməsi başa düşülür.

Landşaft dizaynı və yaşıllaşdırma işlərində qazon, bütün növ ağac, dekorativ  kol və bitkilərin istifadəsi mümkündür. Lakin son illərdə landşaft dizaynına qoyulan tələblər xeyli artıb. Binanın qarşısında ancaq yaşıl qazonun, həyətin girəcəyində bir cüt çiçək ləkinin və dekorativ kolların olması artıq heç kimi qane etmir.

Misal olaraq, bağın əsas komponentlərindən biri olan və onun əsas tərkib hissəsi sayılan dekorativ bitkilərdən savayı, şəxsi fantaziyalar və süni quraşdırma işləri də böyük əhəmiyyətə malikdir. Bu, daha çox landşaft dizaynının üslubunu təyin edən və bağa özəllik verərək, bir növ fərdi hekayəsini yaradan kiçik arxitektura formaları, bağ heykəlləri və digər elementlərdir. Maraqlı gül kompozisiyaları, eksklüziv besetkalar, perqolalar və digər müxtəlif bağ elementləri də bura daxildir.

Son illər ərzində Azərbaycanın landşaft dizaynı bazarı da özünəməxsus şəkildə inkişaf etməkdədir. Bir vaxtlar primitiv şəkildə qəbul edilən bu dizayn növünə əsasən dövlət əhəmiyyətli sosial obyektlərin qarşısında rast gəlinirdisə, indi fərdi evlərdən tutmuş yanacaqdoldurma stansiyalarına kimi müxtəlif obyektlərdə geniş tətbiq edilməkdədir. Hazırda binaların ətrafındakı əraziləri abadlaşdırmaq istəyən kommersiya strukturları, bələdiyyə sifarişçiləri və dövlət orqanları da landşaft dizaynerlərin daimi müştəriləridir.

 

Landşaft incəlikləri

Ölkəmizdə landşaft dizaynı sahəsindəki layihələrin əksəriyyətinin fərqli cəhəti onların nəzərə çarpan üslublarının olmamasıdır. Bu, daha çox yerli insanların zövqü ilə bağlıdır. Əksər hallarda layihələr eklektika (müxtəlif üslubların birləşdirilməsi) ruhunda tərtib olunur.

İdeal halda landşaftın yaradılması və tərtibatı binanın tikintisinin son mərhələsində başlanmalıdır. Amma əksər hallarda dizaynerlərin xidmətlərə artıq hazır binaların sahibləri müraciət edirlər.

Landşaft dizaynı sahəsində artıq çoxdan bəri əsas diqqət ayrı-ayrı dekorativ elementlərə və detallara yönəldilməkdədir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, hazırda bağ dizaynında ən populyar elementlərdən biri «Alp təpəsi»dir. Torpaq tökümü, daşların düzümü və onların arasında əkilmiş bitkilər dağ mənzərəsini imitasiya edir. Ən qəribə daşların və rənglərin seçimi bu mənzərəni daha cəlbedici edir.

Müasir landşaft dizaynı üçün mütəxəssislər həmçinin kiçik memarlıq formalarından da istifadə edirlər: perqollar (köşklərin bir forması), arkalar, skamyalar, körpücüklər və s. Bu gün landşaftın tərtibatında vacib elementlərdən biri bağ heykəltəraşlığı, o cümlədən «topiari» deyilən yaşıllıq heykəltəraşlığıdır. Bu üslublar müxtəlif fiqurlar və heykəllər yaratmağa imkan verir. Bakının Dənizkənarı Milli Parkındakı «Eurovision» və «Bulvar» yazılarını və ya şəhərin çoxsaylı bağlarında məharətlə budanmış kolları misal çəkmək kifayətdir.

Canlı təbiətə dair dekorativ elementlər də dəbdədir. Yapon üslubunda tərtib olunmuş daş bağları və susuz kiçik çay kimi elementlər də aktuallığını itirmir. Landşaft dizaynı elementlərinə binaların damlarının yaşıllaşdırılmasını, fontan şəlalələrini, ərazidə günəş saatlarının və hərəkət akustikası releləri ilə təchiz olunmuş fənərlərin quraşdırılmasını da aid etmək olar.

 

Qiymətlər

Təbii ki, şəhərkənarı evlərin həyətlərinin tərtibatı üçün dizayner üslublarının sayı həddən artıq çoxdur. Sifarişçilərin fantaziyasını məhdudlaşdıra biləcək bir şey varsa, o da büdcədir. Belə ki, əkilən bitkilərin bir çox növləri Azərbaycanda ümumiyyətlə yetişdirilmir, onları xaricdən sifariş etmək lazım gəlir ki, bu da layihənin qiymətinə təsir edir.

Landşaft dizaynını yarıdılmasının maya dəyərinə mütəxəssislərin xidmət  haqları, köçürülmüş bitkilərin qiyməti daxildir. Bundan əlavə, qiymətin əmələ gəlməsində abadlaşdırılan ərazinin xüsusiyyətləri, ölçüləri, layihənin eksklüzivliyi də nəzərə alınır.

Bu baxımdan landşaftın abadlaşdırılması xidmətlərinin qiyməti hər 100 kv.m üçün orta hesabla 500 manatdan 3000 manatadək dəyişir. Bura layihələndirmə işləri, ərazinin planlaşdırılması, çiçəklik və qazonların yaradılması, dekorativ kolların və ağacların əkilməsi daxildir.

Qiymət dəyişməsinə hər bir layihənin unikallığı da təsirsiz ötüşmür. Gözəllik sevənlər landşaftın gözəlliyinin qorunub saxlanması üçün ilkin maliyyə məsrəfləri ilə yanaşı, ekzotik bitkilərə qulluq üçün ayrıca bağbana ehtiyac olacağını da diqqətə almalıdırlar.

Azərbaycanda landşaft dizaynının gələcək perspektivlərinə gəlincə, bazar iştirakçıları nikbinlik nümayiş etdirirlər. Ölkədə getdikcə daha çox özəl və kommersiya təyinatlı obyektlər tikilir. Bu obyektlərin sifarişçiləri isə yəqin ki, bir müddət sonra landşaft dizaynerlərinin müştərilərinə çevriləcəklər. Çünki dizayn barədə təsəvvür səviyyəsi də getdikcə yüksəlməkdədir.

 

Nicat