Qeydiyyata alınan əmlakların siyahısı açıqlandı
04.08.2017 - 13:33 / | Xəbər 75 dəfə oxunub

Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşməsi, bu sahədə əlçatanlığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, həyata keçirilən sosial və innovativ layihələr BU il də əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. Bunu statistik göstəricilər də təsdiqləyir.

2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Bu göstəricinin 28 min 500-ə yaxını (30,4%) ilkin, 65 minə yaxını (69,6%) isə təkrar qeydiyyata aid olub.Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 min 498-i fərdi yaşayış və bağ evi, 23 min 758-i mənzil, 47 min 233-ü torpaq sahəsi, 1 725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib.

İlkin qeydiyyatın 10 min 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. Qeyd edək ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7 faiz artıb.

Bundan başqa 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5 913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2 faiz artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.

Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

2017-ci ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 81 min 129 təşkil edib.

2017-ci ilin ilk 6 ayı ərzində hüquqi və fiziki şəxslərə 72 min 578 məhdudiyyət arayışı verilmişdir. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 19,0 faiz artımın olduğu müşahidə edilib.

2017-ci ildə 17 min 193 ipoteka müqaviləsi bağlanıb. Bunlardan 3 138-i torpaq sahəsi, 8 133-ü mənzil, 4 013-ü fərdi yaşayış və bağ evləri, 1 909 isə digərinə aid olub.

Bu il ərzində 1 600-dən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bundan başqa əhaliyə xidmətlə bağlı 33 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirib. Bu il “Əmlakın qeydiyyatı kalkulyatoru vətəndaşların istifadəsinə verilib. Sistem vasitəsilə vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. İstifadəyə verildiyi müddətdən bu günə kimi sistemdən 20 min vətəndaş yararlanıb.

Bundan başqa daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarış və arxivlərin elektronlaşması ilə bağlı işlərə başlanılmış və əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənib. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilmişdir. Keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artib.

©Fins.az